Çağatay xanlığı dağılma ərəfəsində kukla xanlar tərəfindən idarə olunurdu. Əsas güc isə tayfaların əlindəydi:
Sulduz - Şərqdə
Barlas - Mərkəzdə
Cəlair - Şimalda
Orlat - Qərbdə
Bu tayfaları birləşdirən şəxs isə Barlaslardan Əmir Teymur idi. Çağatayların sonuna oxşar vəziyyət Elxanilərdə də yaşanmışdı. Elxanilərdə əsas tayfaları Çobanilər və Cəlairilər olaraq tanıyırıq. Çobanilərin həm də Sulduzların qərb qolu olduğunu xatırlatmaq yerinə düşər. Yəni Çağataydakı ən güclü 2 tayfa həm də Elxanilərdə ən güclü 2 tayfa idi. Bəs Barlas və Orlat? Onların ekvivalentləri vardımı?
Elxanilər özlərindən sonra bu iki moğol əsilli tayfanı qoydularsa da nədənsə Oyratlar və Orlatları xatırlamırıq.
Oyratlar Hülakünün kürəkənləri olmuş, həmçinin Elxanilərin son kukla hökmdarlarını idarə etmişdilər. Cəlairilər tərəfindən məğlub ediləndən sonra Diyarbəkir ətrafında kökləndilər və daha sonra Qaraqoyunlu və Ağqoyunlu tayfaları ilə qarışıb türkmənləşdilər.
Orlatlar isə bizim tarixçilikdə çox da bilinmir. Çağataylarda önəmli bir gücə sahib olsalar da, Elxanilərdə bu pozisiyada deyildilər. Teymurun Azərbaycanı işğalı dövründə öyrənirik ki, necə olubsa Seyid Əli adlı bir Orlat tayfa başçısı Şəkinin hakiminə çevrilib. Onu Seyid Əhməd adlı başqa bir Orlat əvəz edib.
Mərkəzi Asiyadakı Orlatlar daha sonra Baburla Hindistana gedib ya da özbəklərə və uyğurlara qarışıb. Şəkidəki Orlatların sonrakı taleyini bilmirik. Folklorda və ya kənd adlarında filan nəsə qalıb bəlkə, o bölgənin tarixini yaxşı bilmirəm. (c) Cavid Ağa