Bu sual bizi daima düşündürür: Xoşbəxt olmaq üçün nə etmək lazımdır? Necə edək ki, heç olmasa bir az da olsa rahat və sakit həyatımız olsun?
Bu sualın müxtəlif cavabları ola bilər, çünki biz fərqliyik, zövqlərimiz, dünyaya baxışlarımız, həyat tərzimiz fərqlidir.
Amma bəzi ümumi cavablar var ki, hamıya lazim ola bilər. Mən bu cavabları öz həyat tərzimə uyğun seçmişəm və onları sizinlə də bölüşmək istərdim.
Hər şeydən əvvəl, özümüzə fiziki, psixoloji və emosional olaraq hörmət etməliyik. Bunu deyəndə nəyi nəzərdə tuturam- imkan və zaman daxilində hər hansı bir idman növü, rəqslə məşğul olaraq bədənimizin qayğısına qalırıq və bu, fiziki olduğu qədər mənəvi cəhətdən də bizə xoş hisslər bağışlayır. Bunun üçün fitnes zalına getmək vacib deyil, mənim buna vaxtım və həvəsim olmayanda evdə sadə aerobika hərəkətləri edirəm. Aerobika həm idman, həm də rəqs deməkdir. Youtube-da istənilən qədər areobika dərsləri var.
Məhz fiziki qayğıdan sonra insanda özünə hörmət hissi yaranır, bunu şəxsi təcrübəmdən bilirəm.
Sizdən istifadə edən, sizi incidən, sizə neqativ təsir göstərən insanlardan uzaq durmağa çalışın, hətta bu insanlar yaxın qohumlarınız olsa belə.
Bu punkt çox vacibdir, bilirəm, bunu etmək o qədər də asan deyil. Biz kiminsə xətrinə dəyəcəyimizdən qorxuruq, hələ bu adam qohumdursa, ona dözməyə məcbur olduğumuzu düşünürük. Amma bu səhv fikirdir.
Birinci özünüzü düşünün və kiminsə sizin haqqınızda nə düşünməsini boş verin. Mən bunu öz səhv təcrübələrim əsasında yəqin etdim, vaxtilə mən də insanlara güzəştə gedir, kimisə incitməkdən çəkinirdim. Zamanla anladım ki, mənim bu həssaslığım yalnız özümə ziyan vurur. Odur ki, ərtafımdakı insanları özüm seçməyə başladım.
Həyatıma müdaxilə etmək istəyən, mənə qarşı paxıllıq hissi olduğunu hiss etdiyim və.s mənfi xüsusiyyətli adamları, tamamilə olmasa da, qismən özümdən uzaqlaşdırdım. Hətta qohumları belə.
Atdığınız addımlara görə kiməsə hesabat verməyə borclu deyilsiniz, hətta bəzən bu səhv addım olsa belə. Əgər etdikləriniz, yaşadıqlaırnız sizə xoşbəxtlik bəxş edirsə, buna davam edin. İnsanların nə düşünəcəyini fikirləşməyin, bəyəm onlar nəsə edəndə sizin rəyinizi nəzərə alır?
Başqalarının mənfi xasiyyətləri haqda düşünüb-daşınmaqdan vaz keçin. Bu xasiyyət məndə var idi, işlədiyim idarədə bəzi işçilərin çatışmayan cəhətləri məni narahat edirdi, bu haqda fikirləşirdim və bəzən onların hər hansı bir hərəkəti məni qıcıqlandırırdı. Sonra bir kitabda bunun mənasız bir şey olduğunu oxudum və anladım ki, həqiqətən də bu çox yersiz bir adətdir. Axı mən də ideal deyiləm, və bu fikirlər mənə yalnız ziyan vurur, əsəbiləşirəm və həmin adamlara qarşı yaxşı münasibətdə ola bilmirəm. Bu mənim nəyimə lazımdır? Yavaş-yavaş bu xasiyyəti tərgitməyə başladım.
Keçmişdə olan xoşagəlməz hadisələri və insanları unutmaq lazımdır, əlbəttə bu tamamilə mümkün deyil. Əgər biz yaddaşımızı itirməmişiksə keçmişdə olanları ara-sıra xatırlayırıq. Amma sizə əzab verən xatirələr varsa, onları buraxın, onsuz da artıq heç nəyi dəyişmək mümkün deyil. Bu gün, burda və indi- bu əsas həyat devizimiz olmalıdır.
Yadıma düşənlər və ilk ağlıma gələnlər bunlar oldu və paylaşmaq istədim.
Ümid edirəm, kiminsə bir sualına da olsa cavab verə bildim.
Nə gözəl yazmısınız.
Təşəkkür edirəm.
Kaleminize sağlık gayet güzel veVe başarılı bir yazı.
Okuduğunuz için teşekkür ederim.